Azərbaycanda Özünüməşğulluq Proqramı: Yeni İmkanlar və Dəstək Mexanizmləri
Azərbaycanda özünüməşğulluq proqramı nədir, kimlər qoşula bilər və proses necə işləyir? İşsiz şəxslər üçün yeni imkanlar və dəstək mexanizmləri haqqında ətraflı oxuyun.
MƏSLƏHƏTMƏLUMAT
Hüquqşünas Fidan Abdullayeva
4/27/20253 dəqiqə oxu


Son illərdə Azərbaycanda sosial rifahın artırılması, işsizliyin azaldılması və kiçik sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılır. Bu təşəbbüslərdən biri də özünüməşğulluq proqramıdır. Əgər siz də gələcək karyeranızı öz gücünüzə əsaslanaraq qurmaq istəyirsinizsə, bu proqram sizin üçün yeni bir başlanğıc ola bilər.
Özünüməşğulluq dedikdə, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin müstəqil surətdə və ya dövlət dəstəyi ilə özünü işlə təmin etməsi başa düşülür. Sadə dildə desək, bu proqram insanlara öz işinin sahibi olmaq üçün bir şans təqdim edir.
Kimlər Özünüməşğulluq Proqramına Qoşula Bilər?
Proqrama işsiz statusu olan şəxslər, kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik, lakin başqa məşğulluğu olmayan şəxslər müraciət edə bilirlər.
Əlavə olaraq, sosial müdafiəyə ehtiyacı olanlar — ünvanlı dövlət sosial yardımı alanlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, uzun müddət işsiz qalanlar və pensiya yaşına az qalmış şəxslər — bu dəstəkdən prioritet şəkildə faydalana bilərlər.
Əksinə, peşə təhsili alan şəxslər, digər məşğul şəxslər və işsizlikdən sığorta ödənişi alan şəxslər isə proqrama cəlb olunmurlar.
Proqrama Necə Qoşulmaq Olar?
Özünüməşğulluq proqramına qoşulmaq üçün bir neçə sadə addım yetərlidir:
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilərsiniz.
Eyni zamanda, e-social.gov.az portalı vasitəsilə elektron formada da qeydiyyatdan keçmək mümkündür.
Müraciət etdikdən sonra sizə məsləhət və ilkin məlumatlar verilir və uyğun namizədlər öz seçdikləri sahə üzrə təlimə dəvət olunurlar.
Özünüməşğulluq Prosesinin 5 Əsas Mərhələsi
Öz işinin sahibi olmaq istəyən şəxslər üçün proqram aşağıdakı mərhələlərdən ibarətdir:
Məlumatlandırma və məsləhət xidmətləri
Özünüməşğulluq sahəsinin seçilməsində dəstək
Biznes-planın hazırlanması üçün təlimlər və qiymətləndirmə
Material, avadanlıq və digər əmlakın 1 il müddətinə müqavilə əsasında verilməsi
1 il ərzində fəaliyyətə dövri nəzarət və qiymətləndirmə
Qeyd edək ki, təlimi uğurla başa vuran şəxslərlə müqavilə bağlanır və nəzərdə tutulan avadanlıqlar ən geci 10 iş günü ərzində təqdim edilir.
Əgər fəaliyyətiniz biznes-planınıza uyğun inkişaf edərsə, sizə verilən avadanlıq və əmlak daimi mülkiyyətinizə keçir.
Diqqət Edilməli Məsələlər
Bir il ərzində təqdim olunan avadanlıqlardan üzrlü səbəb olmadan istifadə etməyən şəxslər, əmlakı və ya onun dəyərini dövlətə qaytarmaq öhdəliyi daşıyırlar. Bu səbəbdən, özünüməşğulluq imkanından istifadə etmək istəyənlər üçün məsuliyyətli və davamlı fəaliyyət əsas şərtlərdəndir.
Bəzən bir addım, bir qərar insanın həyatını dəyişə bilir. Özünüməşğulluq proqramı, gələcəyinizə sərmayə qoymaq üçün bu cür fürsətlərdən biridir.
Əgər siz də həyatınızı dəyişdirmək üçün doğru zamanı gözləyirdinizsə, bəlkə də o zaman artıq yetişib...