MƏHKƏMƏ İŞLƏRİNƏ DAİR DÖVLƏT RÜSUMU HAQQINDA
Məhkəməyə müraciət zamanı ödənilməli olan rüsumlar
Hüquqşünas Fatimə Məmmədli
9/3/2024
Məhkəmələrə müraciət zamanı mütləq şəkildə tələb olunan hərəkətlərdən biri də dövlət rüsumunun ödənilməsidir. “Dövlət rüsumu” haqqında qanundan dövlət rüsumunun anlayışına baxsaq, dövlət rüsumunun dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə, həmçinin, hüquqi hərəkətlərə, məsələn: sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi kimi fəaliyyətlərə görə ödənilən haqq olduğunu görərik.
Məhkəməyə müraciət zamanı dövlət rüsumu ödənilmədikdə və ya düzgün ödənilmədikdə (qanunda nəzərdə tutulan miqdardan az olduqda, düzgün məhkəmə seçilmədikdə və sair), şəxsin məhkəməyə etdiyi müraciət qəbul olunmur. Yanlışlıq aradan qalxanadək məhkəmənin həmin işə baxması mümkün deyildir.
Gəlin indi məhkəməyə müraciət zamanı dövlət rüsumunun necə ödənildiyini öyrənək. Əvvəlcə, aydınlaşdıraq ki, biz bu rüsumu nə üçün ödəyirik? Bu rüsum müvafiq ərizələrin məhkəmələrə verilməsinə görə ödənilir, məsələn: iddia ərizəsi, apellyasiya şikayəti və digərləri.
Biz, əvvəlcə, məhkəməyə verilən sənədimizə uyğun olaraq rüsumun məbləğini elektron məhkəmə portalı vasitəsilə (e-məhkəmə saytında dövlət rüsumunun məbləğinin müəyyən edilməsi üçün hesablayıcı nəzərdə tutulub) müəyyən edirik. Müvafiq hissələri cavablandırdıqdan sonra məbləği görə bilərik. Burada məbləğ bir çox meyar əsasında dəyişir, misal olaraq: nikahın ləğvi üçün 100 manat, pul tələbinə dair işlərdə (məbləğ 1.000 manatadək olarsa) 30 manat məbləğində dövlət rüsumu tələb edilərkən aliment alınması, əməyin ödənilməsi kimi iddialardan dövlət rüsumu alınmır.
Təyin etdiyimiz məbləği internet üzərindən, eləcə də “Milli Ön” və digər ödəmə vasitələrindən istifadə edərək ödəyə bilərik. Daha sonra bizə verilən qəbzi mütləq özümüzdə saxlayırıq, çünki rüsumu ödədiyimizi məhkəməyə sübut etməliyik. Məhkəməyə verəcəyimiz sənədlərlə birgə qəbzi də təqdim edirik. Beləcə məhkəməyə müraciət üçün əsas sənədlərdən birinin də necə əldə ediləcəyini öyrəndik.
Qeyd etmək lazımdırki, məhkəmə bəzi hallarda işin sonunda əleyhinə qərar qəbul edilən şəxsdən dövlət rüsumunun digər tərəfə kompensassiya formasında ödənilməsini tələb edə bilər. Beləcə, dövlət rüsumunu ödəyərkən, onun sizə qayıda biləcəyini də unutmayın.

