İŞƏ QƏBUL ƏRİZƏSİ NECƏ YAZILMALI
Əmək müqaviləsi bağlanılmazdan əvvəl işçi hansı vəzifədə işləmək istəməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət edir.
9/8/2023
İşə qəbul ərizəsi ən sadə yazılı ərizələrdən biridir. Məzmunu isə çox sadədir. Boş vərəq və qələm götürüb yazmağa başlayırıq.
İlk növbədə vərəqin yuxarı sağ küncündə işləmək istədiyiniz müəssisənin (bu şirkət və ya dövlət orqanı ola bilər) adını tam və doğru şəkildə yazın. (Nümunə: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə)
Yuxarıdakı hissədə həmçinin rəhbərin adını da qeyd edə bilərsiniz. (Nümunə: filan müəssisənin rəhbəri, cənab Filankəs Filankəsova)
Bir sətir ara buraxıb elə həmin yuxarı sağ küncdə özümüz (ərizəçi) haqqında yazırıq. (Nümunə: Bakı şəhəri, Yasamal rayonu, Mehdi Hüseyn küçəsi 1 ünvanında qeydiyyatda olan və yaşayan Filankəsov Filankəs Filankəs oğlu tərəfindən)
Qeydiyyat ünvanınızla hazırda yaşadığınız ünvan fərqli olduqda, hər iki ünvanı da qeyd edin.
Ərizəçi haqqında yazanda həm də mobil nömrə və e-poçt adresinizi də yazmağınız tövsiyyə edilir.
Yuxarı sağ küncdəki məlumatları qeyd etdikdən sonra iki sətir buraxıb, tam ortadan ƏRİZƏ sözünü yazıb, onun da altında iki sətir buraxıb məzmunu yazmağa başlayırıq.
Məzmun isə soldan abzasdan yazılmağa başlayır. Qeyd edirik ki:
Hörmətli XXX şirkətinin rəhbəri, məni 01.02.2021-ci il tarixindən etibarən mühəndis vəzifəsinə işə qəbul etməyinizi Sizdən xahiş edirəm.
Tarix: 25.01.2021-ci il
İmza ________________
Bu qədər... Ərizə artıq hazırdır. Vəzifə və tarixlər formal olaraq qeyd edildi. Siz ərizəni yazanda həmin tarix hansıdırsa onu da qeyd edin.
Çalışın ki işə qəbul ərizəsi yazdığınız vaxt Sizə işdən çıxma barədə də ərizə yazdırmasınlar. Adətən bu ərizələri əvvəlcədən yazdırırlar ki, işəgötürən istənilən vaxt işçini kompensasiya vermədən işdən çıxara bilsin.

